Friday, June 29, 2012

Vatslav Havel: Kürsüdəki son filosof // FOTO

I hissə

Vatslav Havel - 1990-cı il
XX əsr tarixində totolitar və avtoritar rejimlərın dağılaraq özlərindən sonra xaos, dağıntılar və yaxud daha qəddar diktatorlar qoyub getdiyi dövrlər olub.
Bugünki rus müxalifəti dağınıq görünür, onların konkret lideri yoxdur, bu cür şərait dəyişiklik tərəfdarlarını çox məyus edir. Bəziləri Aleksey Navalninin xarizmasına inanır, bəziləri Boris Akuninin müdrikliyinə və mədəniyyətinə üstünlük verir, bəziləri üçünsə Oksana Dmitriyevanın qadın kimi yaradıcılığı və peşəkar bilgiləri ürəyincədir. 

Lakin liderlər özbaşına peyda olub, özbaşına qeyb olmurlar. Hakimiyyəti ələ almağı bacaran və yerdə qalan siyasi sərvətləri dağıtmayan müxalifət hərəkatlarının təcrübəsi göstərir ki, onların liderləri müxtəlif keyfiyyətlərinə görə də fərqlənə bilirlər. 





İnadkar və emosional elektrik Lex Valensa Polşanın ilk müstəqil prezidenti olmuşdu, o, kommunizm sistemindən sonra ölkəni iqtisadi islahatların çətin vaxtından keçirmişdi. Ziyalı, yazıçı Vatslav Havel Çexoslavakiyada “məxməri inqilab”a rəhbərlik etdiyi vaxtlar təcrübəli bürokratları yenidən oyadan praqmatik siyasətçiyə çevrilmişdi. Fillipin ailəsində böyüyən nümunəvi evdar qadın Korason Akino diktator Markosa qalib gəlib, hərbi təsirləri zəiflətmiş, konstitusiya islahatları həyata keçirmişdi. 


Butün bu müxtəlifliklərlə yanaşı, bu insanları bir-birindən fərqləndirən başqa mühüm xüsusiyyətlər də var: Onlar nəinki həlledici vaxtlarda hakimiyyəti ələ ala bilirdilər, üstəlik cəmiyyətin və zamanın başqa dəyərlərə üstünlük verdiyi vaxt ondan imtina etməyi də bacarırdılar. Necə ola bilər ki, bu cür insanlar hakimiyyətin və pulun tələsinə düşmürdülər?

Müsahibələrinin birində Vatslav Havel belə demişdi: “Qorxmamaq çox vacibdir. Düzgünlüyün sənin tərəfində olduğundan əmin olaraq, güclülərə qarşı müqavimət göstərməyi bacarmalısan. Hərdən də nələrisə qurban verməyi bacarmalısan. Təkəbbür və qürurdan uzaq olan ləyaqətini qoruyub saxlamalısan. Özündə bu dünyanın məsuliyyətini daşıya biləcək hissi tərbiyələndirməlisən”. 

Vatslav Havel
XX əsrin əvvələrində Havellər intelektual həyatdan uzaq olmayan Praqanın işgüzar ziyalılarının üzvləri idilər. Vatslav Havel – okkulsizm (mistik və ali qüvvələrin gizli məqamlarını öyrənən elm) ilə məşğul olub, sonradan Praqanın mədəniyyət mərkəzlərindən birinə çevrilən Lüserna sarayını tikdirmiş və ilk çex kino kampaniyasının əsasını qoymuşdu. 



Onun böyük oğullarından biri – Vatslav Mariya – ailəsinin tikinti biznesini davam etdirir, nüfuzlu insana çevrilirdi. O hətta Çexoslavakiyanın ilk prezidenti Tomaşu Q. Masarikunun qəbuluna düşə bilmişdi. Həmçinin o məşhur “Lidove Novini” qəzetinin baş redaktorunun qızı ilə evlənmişdi. 1936-cı ilin oktyabrın 5-də cütlüyün adət-ənənəyə uyğun olaraq Vatslav adı verdikləri oğlu dünyaya gəldi. Ciddi var-dövlətə malik olan balaca varis Vatslav, çox firavan həyat yaşayan uşaq idi. O, çox ərköyün idi, hamı tərəfindən sevilirdi.
Amma onun uşaqlığı dramatik hadisələrin fonunda cərəyan edirdi: Demokratik Çexoslavakiyanın süqutu, alman işğalı, sovet qoşunlarının gəlişi, demokratiyanın qısa müddətlik yenidən bərpa edilməsi və nəhayət, 1948-ci ildə baş verən kommunist çevrilişi... Vatslavın yaxşı orta təhsili var idi, lakin burjua əsilli olduğuna görə, universitetin qapıları onun üzünə bağlanmışdı. 


Gənc oğlan kimyaçı-laborant təhsili almış, orduda qulluq etmiş, ordudan tərxis olunduqdan sonra isə Praqanın “ABC” teatrının işçisi olmuşdu. 60-cı illərdə Çexoslavakiyada mədəni çiçəklənmə və siyasi oyanış vaxtı o bir neçə absurdist üslubdakı əsərin və maraqlı məqalələrin müəllifi, klassik Praqa intelektualı olmuşdu. O həmçinin “insan simasında sosializm”ə dair xəyallar qurur və bu mövzuda Aleksandr Dubçeklə Çexoslavakiya yazıçılarının son görüşündə müzakirələr aparırdı. Ancaq bir neçə həftədən sonra Praqaya sovet tankları daxil oldu, Dubçek təslim oldu və Vatslavın xəyalları burada bitdi... 


Azlıqda

Çex intellektual mühiti üçün Havellər həddindən artıq qeyri-adi və hətta qorxunc idilər. O vaxt onlar uzun müddət azlıqda qalmışdılar. “Praqa baharı”nın süqutundan sonra yazdığı məqalələrdə Havel yazırdı: “Əgər biz söz azadlığını bərpa etmək istəyən və gizli polis zülmünü dayandırmaq istəyən bir ölkə olduğumuzu iddia etsək və bununla da dünya tarixinin mərkəzində olsaq, onda biz özündənrazı axmaq kimi və öz ibtidai messianizmimiz ilə gülünc görsənə bilərik”. 
O iddia edirdi ki, azadlıq, demokratiya, vətəndaş hüquqları – bütün bunlar Avropa normasıdır və “Praqa baharı” ümumdünya şücaəti deyil, sadəcə bu normaları bərpa etmək istəyən zəif cəhd idi. 




Onun 70-ci illərdə başlayan dissidentlik dövrü “normalizasiya” (Qustava Qusakın rəsmi hakimiyyəti dövrü) rejiminin çoxsaylı aktiv opponentlərilə qarşıdurmada olduğu dövr idi. 
O, Çexiyanın şimalındakı Qradeçek kəndindəki bağda (dövlətin nəzarəti altında) yaşayaraq, “xuliqanlıq” etməkdə davam edirdi. Havelin əsas gəlir mənbəyi Qərbdə dərc olunan əsərlərindən aldığı qonorarlarından ibarət idi – vətənində isə artıq çoxdan idi ki, onun əsərlərini çap etmirdilər. 

1977-ci ildə əsas müəllifi Havel olan “Nizamnamə-77” manifesti ortaya çıxdı. Manifest bu sözlərlə başlayırdı: ““Nizamnamə-77” müxtəlif inama, inanca və peşəyə sahib olan insanların ölkədə və bütün dünyada vətəndaş hüquqları və insan haqlarının qorunmasına birgə yönəlmiş azad, açıq və qeyri-rəsmi bir cəmiyyətdir”. 


Manifest samizdatla yayılır və onu bir neçə aparıcı Qərbi-Avropa qəzeti dərc edirdi. Sənədi yalnız 242 nəfər imzalamışdı, daha sonra isə min nəfərə yaxın insan da bura qoşuldu. 
Demək olar ki, elə dissident illəri Haveli Havel elədi...



Yüksəliş

1978-ci ildə Haveli “təxribatçı yaradıcılığına” görə həbs etdilər. Ümumilikdə o, beş ilə yaxın həbsdə oldu, sonuncu həbsi isə 1989-cu ilin yanvar tarixində olmuşdu. Baxmayaraq ki, Çexoslovakiya hakimiyyəti Qorbaçovun “Yenidənqurma”sını həvəssiz qarşılamışdı, amma siyasi iqlim Praqada da dəyişirdi: Haveli artıq may ayında azadlığa buraxdılar. Yeddi aydan sonra isə o Çexoslovakiyanın prezidenti oldu. 

Axı bu cür ağlasığmaz yüksəliş necə baş verə bilərdi? Çex tarixçisi İrji Suk komunistlərin süquta uğraması ərəfəsində Havelin vəziyyətini bu cür təsvir edirdi: “Müxalifət bir neçə qrupa bölünmüşdü...Onların başında Vatslav Havel kimi şəxsiyyət dururdu. Xarici media quruluşları onu dəstəkləyirdi və hələ siyasətə gəlməzdən əvvəl onu artıq görkəmli siyasi xadim etmişdilər”. 
17 noyabr, “məxməri inqilab”ın başlanmasına səbəb olan nümayişin ilk günü Havel Praqada deyildi. O, iki gündən sonra ictimaiyyət qarşısına çıxaraq, “Melantrix” nəşriyyat evinin eyvanından müxalifət xadimləri ilə birgə etirazçılara müraciət etdi.

Havel “Melantrix” nəşriyyat evinin eyvanında çıxış edərkən
Havel və onun həyat yoldaşı Olqanın evi müxalif qüvvələrin qərargahına çevrilmişdi. Orada tezliklə dağılan rejiminin nümayəndələri ilə hakimiyyətin dəyişilməsi haqqında danışıqların aparıldığı “Vətəndaş forumu”nun formalaşması gedirdi.


Havel ağıllı dialoq aparırdı, o, kompromislərin mahir ustası idi. Noyabr-dekabr aylarında “Vətəndaş forumu” kommunist nomenklaturasının mülayim islahatlar hissəsi ilə Çexoslovakiyanının siyasi dönüşünün yenidən bərpa olunması haqqında razılığa gələ bildi. Onun nümayəndələrindən biri Marian Çalfa yeni koalisiya hakimiyyətinin baş naziri vəzifəsinə namizədliyini irəli sürdü. Prezident Qusak öz istefasını elan etdi. 


Həmin vaxt Çexoslovakiyada ölkəyə başçılıq etmək üçün iki potensial namizədin adı hallanırdı. Bunlar az müddətdə ümumxalq məşhurluğu qazanan, qeybdən peyda olan Aleksandr Dubçek və Havel idi. “Vətəndaş forumu” Haveli dəstəklədi, Dubçekə isə parlamentin sədri vəzifəsi təklif olundu. 29 dekabr 1989-cu ildə Havelin absurdist üslubdakı əsərlərinə bənzər bir hadisə baş verdi: “normalizasiya” zamanı seçilmiş Federal yığıncağın deputatları, adında “sosialistik” sözü olan dissident-antikommunistin prezidentliyə namizədliyini dəstəklədi. 


Qrad

Havel görünüşcə prezidentə bənzəmir və elə əvvəldən də özünü heç də prezident kimi aparmırdı: o, Qradın dəhlizi ilə “samokat” sürə bilər və yaxud şəxsi mühafizəçilərini aldadıb, pivə içmək üçün hər hansı bir pivəxanaya girə bilərdi. 


Vatslav Havelin prezidentliklə bağlı mübahisələri elə o bitməmişdən qabaq başlamışdı. (Havel 3 dəfə prezident seçilib: 1989, 1993-cü illərdə Çexoslovakiyanın prezidenti və 1998-ci ildə Çexiya Respublikasının prezidenti). Bir tərəfdən o, ölkəni azad parlament seçkilərinə doğru aparır, digər tərəfdən də Çexiya Respublikasının NATO (1999) və AB-yə (2004, Havelin Qraddan gedişindən 1 il sonra) daxil olması üçün zəmin yaradırdı. Havel prezident vəzifəsində olarkən Kuba, Çin, Birma, Rusiya və Belorusiya kimi ölkələrə olan münasibəti Çexiyanın beynəlxalq nüfüzunu artırmağa imkan vermişdi.


Dalay Lama və Havel
Digər tərəfdən onun Dalay-Lama ilə dostluğu Çexiyanın Çinlə ticarətinə xələl yetirir, onun Çeçen Respublikasında baş verən müharibə barədəki sözləri və Rusiyada insan hüquqlarının tapdanması haqqındakı fikirləri “Kreml”i qıcıqlandırırdı. Onun Kosovoda baş verənlər haqqında dedikləri, soyqırıma son qoymaq üçün hərbi qüvvənin tətbiq edilməsinə müsbət baxması onu bir çoxlarının gözündə NATO bombaları altında inləyən serblərin ölümünü alqışlayan qəddar başçı kimi göstərirdi. Havel özünə bəraət qazandırmırdı, nəyi düzgün hesab edirdisə, onu da edirdi. 

Bir insan kimi Havel üçün prezidentlik dövrü heç də asan olmamışdı. 1995-ci ildə onun həyat yoldaşı Olqa vəfat etdi. Son 15 ildə Havelin özü də bir neçə dəfə ağır cərrahiyə əməliyyatı keçirərək ölüm döşəyinə düşmüşdü. Havelin ömrünü ikinci həyat yoldaşı, məşhur aktrisa Daqmar Veşkrnova öz qayğıkeşliyi ilə uzada bilmişdi. 


2003-cü ildə prezidentlik vəzifəsindən istefa verdikdən sonra Havel bir vaxtlar polis nəzarəti altında yaşadığı Qradeçek kəndinə köçdü və həyatının son səkkiz ilini orada yaşadı. Həyatının bu sakit illərində o bir neçə məqalə, xatirələr kitabı və sonradan lentə aldığı “Gediş” adlı pyesini yazdı.

Onun bir dəfəlik gedişi isə 18 dekabr 2011-ci ildə Qradeçek kəndində oldu. O yatarkən yuxuda vəfat etdi...


Tərcümə etdi: Ulduz


Vatslav Havelin dəfni - 18 dekabr 2011


Çexlər Haveli anır
Havelin dəfn günü













Havel Çin əleyhinə aksiyada