Sunday, February 12, 2012

Dünyanın danışdığı nəhəng küçə rəssamları || FOTO - VIDEO

İncəsənətin "street-art" (küçə incəsənəti) sahəsi 1942-ci ildə yaranıb və hər ötən onillikdə bir az daha genişlənib, inkişaf edib. Maraqlıdır ki, street-artın müəyyən dövrlərdə yaranan yeni qolları özündən əvvəlkiləri “inkar edirdi” - dağıdırdı. 

"Street-art"da, ən xırda detal, kölgə, rəng, xətt vacibdir. İncəsənətin bu qolunu digərlərindən fərqləndirən bir sıra cəhətlər var. Məsələn, "street-art" rəssamı özünün loqotipini – “unikal işarəsini” şəhər küçələrində, evlərin divarlarında yaradır. Bu, heç də həmin rəssamın çəkdiyi şəkil – qraffiti ilə küçəni özününküləşdirməsi, məkana sahiblənməsi demək deyil. Əsas məqsəd təqdim olunan müxtəlif süjetli proqramlarla tamaşaçının diqqətini çəkməkdir.

İndi isə sizə müasir dövrün "street-art"la məşğul olan 6 nəhəngini təqdim edirik:




Benksi
Yalnız gecələr üzə çıxan və harda gəldi fikirlərini çəkən bu yarımifik insan çox keçmir ki, müasir incəsənət həvəskarları arasında məşhurlaşır və əfsanəyə çevrilir. Onun işlərini divar qarışıq kəsirlər və auksionlarda yüz min dollara satırlar. Amma rəssamın özü haqqında demək olar ki, heç nə məlum deyil. London hakimiyyəti üçün o cinayətkardır . Müasir incəsənət həvəskarları üçünsə - dahi! 

“Çılpaq”. Bu şəkil hal-hazırda seksual pozuntudan əziyyət çəkənlərin müalicə olunduğu Bristol xəstəxanasının fasadındadır. Şəhər meri qraffiti fasadda “peyda olandan” onun təmizlənməsinə qərar verir. Lakin sakinlərin təkidi ilə şəhər şurası qraffitini rəngləmir və divarı olduğu kimi saxlayır. 

“Divarlar arxasında”. “Divar” layihəsi özündə virtual reallığı birləşdirirdi. Rəssam bu qraffiti ilə bir çox real divarların insanları virtuallığa yuvarladığını göstərmək istəyirdi. Bir zamanlar dənizə yaxın olan uşaqlar, indi süni yaradılan meydançalarda qumdan ev düzəldirlər və dəniz sahilində olduqlarını düşünürlər. Bütün bu virtual reallıq isə həqiqi divarlar arxasında baş verir.
“Yadımdadı, vaxtı ilə bütün bunlar ağac idi”


“Piknik”. Benksinin 2006-cı ildə Londonda keçirilən sərgisində aktrisa Anjelina Coli onun 3 əsərinə 400 min dollar verir. Aktrisanın aldığı əsərlər arasında 226 min dollara satılan “Piknik” də vardı.



“Divardan qraffitini silən adam”. Bu şəkil 2008-ci ilin mayında Londonda, Lik Stritdə çəkilib. 2008-ci ilin avqustunda isə qraffitinin üstü rənglənir. Diqqətlə fikir versəniz, görərsiniz ki, şəkil Fransanın qədim Lasko mağarasında və ya ispanların Altamire mağarasında yaşayan qədim insanların çəkdikləri qayaüstü təsvirləri xatırladır.




Vhils
Portuqaliyalı rəssam Aleksandr Fartonun əsərləri insanın ruhuna xitab edir. Onlar zərif və təsiredicidirlər. Kənardan baxan ağlına belə gətirməz ki, bu işlər divarı cızmaqla yaradılıb. 




Evlərin divarları Aleksandr üçün kətan əvəzidir. Onun qeyri-adi işləri küçə incəsənətini kütləyə daha çatımlı edir, eyni zamanda, estetik cəhətdən şəhəri bəzəyir. 


 


Müəllif “Dağıdaraq yaradırsan” devizi ilə yaşayır. O deyir ki, elə buna görə də parçala, sındır və cız. Sənin incəsənətin belə doğulur!


Portretin hazır olma müddəti divarın hündürlüyündən asılıdır. Məsələn, ikimərtəbəli evin divarında hər hansı portreti yaratmaq rəssamın bütün gününü alır.


Düzdür, Vhilisin işləri evlərin divarlarında, küçədə möhtəşəm görünə bilər. Amma bu əsərləri sərgi salonlarında təsəvvür etmək mümkün deyil. Rəssam isə buna görə heç də ruhdan düşmür. Əksinə, o yeni əsərlərini yaratmaq üçün köhnə qapılar, divarlar, hasarlar axtarmaqda davam edir.






Mark Cenkins
Amerikalı rəssam Mark Cenkins qablaşdırmada istifadə olunan lentlərdən hazırladığı strit-art nümunələrinin müəllifi kimi tanınır. Onun əsərlərinə Time, Washington Post, Reuters, eləcə də strit-artla bağlı olan saytlarda yer alıb. Rəssamın işləri, Londonun Lazarides muzeyi də daxil olmaqla, ABŞ, Avropa, Yaponiyanın bir çox sərgi salonlarında nümayiş olunub. Cenkins kluklordan və paketləşdirmə lentlərindən istifadə etməklə küçə abidələrinin yaradılması prosesini, eləcə də şəhərin ayrı-ayrı yerlərində strit-art həvəskarları üçün təşkil etdiyi master-klassları video şəklində özünün tapesculpture.org saytında yerləşdirib.


“Bilmirəm, mənə rəssam demək olar, ya yox?! Amma işlərimin insanlara göstərdiyi psixoloji təsirdən zövq alıram”. 
"Qəzet adam”


Cenkins deyir ki, onun işləri yoldan keçənləri ilk baxışda hürkütsə də, insanlara bəşəriyyətin dəyərini dərk etməyi öyrədir.  O, insanların reaksiyalarını kameraya çəkməyi çox sevir.


Cenkinsin qeyri-adi layihələri (məsələn, skotç-art) başqalarını da şəhərin müxtəlif yerlərində incəsənətin bu sahəsi ilə məşğul olmağa həvəsləndirir. 


Above
1980-ci ilin əvvəllərində Kaliforniyada doğulan Above hippi ailəsində böyüyüb. Uşaqlıqdan rəsamlıqla, eləcə də skeytbordinqlə maraqlanıb. 1995-ci ildən divarlara müxtəlif şəkillər çəkməklə strit-arta başlayır. Çox keçmir ki, özünün sosial və siyasi mövzularda işlədiyi qraffitləri ilə məşhurlaşır. Rəssamın işlərini dünyanın 50-dən çox ölkəsində görmək olar.

“Kasıblara əl tutan”. Portuqaliyada evsizlərin problemini göstərmək üçün o, bu qraffitini hazırlayır.


“Qorxulardan yüksəkdə dayan”




ROA
Belçikanın strit-art üzrə dünyaca məşhur rəssamı Piter ROA çəkdiyi ağ-qara heyvan rəsimləri ilə (siçovul, dovşan, ölü və canlı quşlar və s.) tanınır. Qraffitlərin özəlliyi ondadır ki, rəssam çox vaxt bu heyvanları ən xırda anatomik detalları ilə təsvir edir. 


Piter deyir ki, nə istəsə çəkə bilər, amma heyvanları çəkmək ona daha çox zövq verir. Rəsimlərin ölçüsündən və çətinliyindən asılı olaraq, o, qraffitinin hazırlanmasına bir neçə saatdan tutmuş, bir neçə yuxusuz gününü sərf edir.
ROA çox səyahət edir. Getdiyi hər bir ölkədə oraya aid olan heyvanların rəsmini çəkmək onun hobbisidir. ROAnın melanxolik təbiəti işlərinin böyük əksəriyyətinə təsir göstərir. Belə ki, onun rəsimlərində sərt qrafik elementləri, tünd kölgələri və ölümün ahəngini görmək olar.





Mentalgassi 
Mentalgassinin də işlərinin məqsədi digər art-strit nümayəndələrində olduğu kimi kütlənin beyninə, şüuruna təsir etmək və dünyanın dərkini onlara aşılamaqdır. 
Amma onun çəkdiyi qraffitlərin həmkarlarından fərqi ondadır ki, rəssam “kətan” əvəzi divarları, qapıları deyil, hasarları seçir. 
“Görünməyəni görünən olmağa məcbur et”. Rəssamın bu işi Azərbaycanda həbsdə olmuş 19 yaşlı Cabbar Savalana həsr edilmişdi. Cabbarın üzü olduğu rəsm Londonun mərkəzi küçəsində görənlərin diqqətini cəlb edirdi.






Dünyada geniş yayılan Strit-Artın öz fəlsəfəsi var. Müxtəlif strit-art nümayəndələrinin işlərinə diqqətlə baxsaq, görərik ki, onların hər birinin ayrı-ayrılıqda müəyyən sətiraltı mesajı var. Eyni zamanda, bu işlər insanlara estetik zövq də aşılayır. Təəssüf ki, bəziləri strit-artı tərbiyəsizlik və mədəniyyətsizlik kimi başa düşürlər. Nəzərə alsaq ki, qəlibə salınan şəhərlərin boz küçələrini rəngləndirən də məhz strit-art rəssamlarının işləridir, deməli, bu “tərbiyəsizliyə” təşəkkür etməyə dəyər.

Hazırladı: Nərmin Nöqtə