Məramnamə


Biz azad düşüncəli, demokratik dəyərlərin daşıyıcısı, vətəndaş hüquq və azadlıqlarının, fikir plüraliziminin vacibliyinə inanan, ölkəmizdəki problemlərə biganə qalmayan və gəncliyin iradəsinə güvənən bir qrup gəncik.


Biz ölkəmizdə rüşvətsiz təhsil, maddi rifahı yüksəldən sosial təminat, sağlamlığımızı etibar edə biləcəyimiz səhiyyə, səsimizin oğurlanmadığına əmin olduğumuz şəffaf seçki, fikirlərimizə görə ayrı-seçkiliyə məruz qalmayacağımız, düşüncələrimizi sərbəst ifadə edə biləcəyimiz mühitin yaranmasına öz töhfəmizi vermək istəyirik. 


İstəyirik ki, həyat şərtlərimizi yalnız bir qrup şəxs yox, gənclər olaraq özümüz müəyyən edək.


Biz gənclərin hüquqlarını müdafiə etmək, gənclərin müstəqil, öz iradələri daxilində seçim edib, gələcəklərini müəyyən etmələrinə stimul vermək üçün varıq. 
Biz varıq ki, bizi inkişafdan saxlaya biləcək dəyərlər bizi yıxmadan, biz onları yıxaq!


Biz varıq ki, milli şüurun, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakını təmin edək.


Bizi maddi mənfəət, yüksək rütbələr yox, dostluq, səmimiyyət, sahib olduğumuz dəyərlər, ümumi məqsədlər birləşdirir.


Hamımızın əl-ələ getməli olduğu bir yol var. Sıralarımız nə qədər genişlənsə, azad gənclər olaraq bir-birimizə nə qədər dəstək versək, bu yolda qarşımıza çıxacaq əngəlləri bir o qədər asand aşacağıq.


Biz sosial status baxımından sizdən heç nəyi ilə fərqləməyən, sizin içinizdən çıxmış və sizi işıqlı gələcəyə səsləyən gənclərik. 


Gəlin yoxsulluğumuzu, köləliyimizi birlikdə sorğulayaq. Gəlin özümüzü azad edək!


Biz artıq gəlmişik...


Bizi tapmaq asandır, yetər ki, siz istəyin!