Monday, October 31, 2011

Rus dissidenti, Nobel mükafatçısı, anti-sovet yazıçısı, Soljenitsın haqqında

Aleksandr Soljenitsın
Nobeldən imtina etmiş yazıçı

Z. Freyd yazırdı: “Əqlin səsi gur deyil, lakin inadkardır və o eşidilməyənəcən susmaz”. Yazıçı və tarixçi Aleksandr İsayevic Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir an da səngiməyən səsinə bütün dünya beləcə qulaq kəsilmişdi.

Soljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində doğulub. Rostov Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə riyaziyyat və astronomiya fənlərindən dərs deyib, eyni zamanda qiyabi olaraq Moskva Universitetinin ədəbiyyat kursunu başa vurub. Muharibənin başlanması ilə Soljenitsın cəbhəyə yollanır, orada artilleriya kapitanı rütbəsinə çatır.

1945-ci ildə cəbhədən göndərdiyi məktubda Stalinin ünvanına tənqid söylədiyinə görə məhkəməsiz-filansız ömrünün 8 ilini həbsxanalarda, Sibirin islah-əmək düşərgələrində keçirməli olur. O zamanlar hökumət yalnız dissidentlərin özlərini deyil, həm də ailə üzvlərini təqib edirdi. Məhz bu səbəbdən öz canı üçün qorxan arvadı Soljenitsından üz döndərir.

Taleyin dönüklüyü, həbs düşərgəsinin dəhşətləri Soljenitsının iradəsini sındıra bilmir. Hələ düşərgədə olarkən öz ilk hekayələrini yazmağa başlayır və yazdıqlarını gözətçilərin əlinə düşməməsi üçün əzbərləyib yaddaşına köçürür. 1953-cü ildə Stalinin ölümündən sonra Soljenitsın düşərgədən azad olunmaqla bərabər müddətsiz sürgünə məhkum edilir. 1956-cı ildə onda xərcəng xəstəliyi aşkar edildiyi üçün sürgündən azad olunur. O, ölmək üçün azadlığa buraxılır (bu hadisələr onun “Xərcəng körpusu” adlı povestində bütün təfsilatı ilə təsvir olunub), lakin möcüzə baş verir - xəstəlik bir növ “geri çəkilir” və ona Ryazanda məskən salmağa icazə verilir; buradakı məktəbdə o, riyaziyyatdan dərs deyir, öz ilk hekayələrini yazıya almağa başlayır.

1960-cı ildə N. Xruşşovun antistalin kampaniyasından ruhlanan Soljenitsın Sibirdəki islah-əmək düşərgəsi həyatından bəhs edən və sonralar ona dünya şöhrəti gətirmiş “İvan Denisovicin bir günü” povestini qələmə alır. Povest 1962-ci ildə, yalnız Xruşşovun özü məsələyə qarışdıqdan sonra çap edilir və dərhal da dünya miqyasında ədəbi-siyasi sensasiyaya səbəb olur. Stalinizmlə mübarizə aparan Xruşşov təxminən 20 milyon sovet vətəndaşının məhvi ilə nəticələnmiş kommunist rejiminin cinayətlərini ictimaiyyətə çatdırmaq istəyən Soljenitsını dəstəkləməyə başlayır. Lakin artıq 1963-cu ildə Xruşşovun özü Soljenitsınin muasir sovet gerçəkliyindən danışan “ziyanlı” hekayələrinin çapına yasaq qoyur.

1964-cu ildə Xruşşov vəzifəsindən götürüləndən sonra Soljenitsın yenə “sovet xalqının düşməni” elan edilir. DTK onu və onun yaxın adamlarını izləməyə başlayır. Lakin Soljenitsın təslim olmur, onun qanlı Stalin terroru haqqındakı povest və hekayələri “samizdat” (yazı makinasında çap edilmiş əlyazmalar şəklində) vasitəsilə bütün ölkəyə yayılır və Kreml rəhbərliyi üçün ən dəhşətlisi odur ki, əcnəbi ölkələrdə dərc olunur.

Soljenitsın həqiqətindən hiddətə gəlmiş hakimiyyət dairələri bütün ölkədə Soljenitsınla bağlı təqib və böhtan kampaniyasına başlayır. 1969-cu ildə onu Yazıçılar İttifaqı üzvlüyündən çıxarır, bununla da yazıcını, demək olar ki, yaşayış vasitələrindən məhrum edir, olkə ziyalılarını onu “damğalayan” məktubları imzalamağa vadar edir, hətta məktəblərdə də ona qarşı kin və lənətlə dolu təbliğat aparırlar. DTK agentləri Soljenitsının mənzilində axtarış aparır və onun əlyazmalarını müsadirə edir, telefon vasitəsilə onu ölümlə hədələyir, yazıçının az qala hər addımını izləyirlər. Lakin artıq gecdi! Soljenitsın bütün dünyada görkəmli yazıçı, dünyanın yarısını idarə edən qüdrətli sistemə təkcanına meydan oxuyan mərd, cəsur adam kimi tanınır və sevilir. 1970-ci ildə Soljenitsın ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür, lakin mükafatı almağa getməkdən imtina edir, bilir ki, getsə, onu bir daha öz ölkəsinə buraxmayacaqlar.

1973-cü ildə Soljenitsın qüdrətli DTK-nın “başını aldadaraq” öz başlıca əsərini - “QULAQ arxipelaqı” epopeyasını Qərbə ötürə bilir. Kommunist rejiminin 1924-1953-cu illərdə törətdiyi cinayətlərdən danışan bu çoxcildli, sənədli romanı Soljenitsın Xruşşov dövründə Sov. İKP və DTK arxivlərindən əldə etdiyi materiallar əsasında qələmə almışdı. Sovet rəhbərliyinin bu əsərlə bağlı xofu o qədər böyük idi ki, müvafiq orqanlar romanın Qərbdə çapının qarşısını almaq üçün dövlət səviyyəsində bənzəri olmayan səy və cəhdlər göstərirlər. Lakin onların səyi əbəs idi. 1973-cü ilin dekabrında romanın birinci hissəsi Parisdə çap edilir və o vaxta qədər Stalinin ölüm düşərgələrinə inanmaq istəməyən dünya ictimaiyyətini lərzəyə gətirir.

Bu roman Avropa kommunist hərəkatına ağır zərbə vurur - Avropanın sol təmayüllü ziyalıları kütləvi surətdə communist partiyalarından çıxdıqlarını elan etməyə başlayırlar. Bu, Avropada kommunizmin süqutunun başlanğıcı idi. Təlaşa düşmüş Sovet rəhbərliyi yazıçının fiziki məhvi haqqında ciddi düşünməyə başlayır, bu addımdan Kremli yalnız dünya ictimaiyyətinin ehtimal olunan qəzəbi saxlayır; nəhayət, “çıxış yolu” tapılır: yazışını sovet vətəndaşlığından məhrum edib SSRİ-dən sürgün edirlər (1974). Soljenitsın ABŞ-da Vermont şəhərində məskən salır, sovet gerçəkliyindən bəhs edən roman və tarixi xronikaları üzərində işini davam etdirir.


1974-cu il fevralın 18-də “Vaşinqton post” qəzeti onun öz həmvətənlərinə müraciətini - “Yalansız yaşamaq” başlıqlı yazısını dərc edir. Bu müraciətnamə tez bir zamanda “samizdat”ın köməyilə bütün ölkəyə yayılır. İnsan vicdanının ən incə tellərinə toxunan bu müraciətnamə ölkədə əvvəlcə azsaylı dissident hərəkatının, az sonra isə insan ləyaqətinin təsdiq olunması uğrunda kütləvi hərəkatın, bir növ, manifesti olur.

Soljenitsın burada güclü şəxsiyyətlərə, yaxud öz məslək yoldaşlarına deyil, həmişəki kimi bütün xalqa da deyil, necə deyərlər, “orta” vətəndaşa müraciət edir. Onların hər biri ilə ürəkdən, bütün səmimiyyəti ilə danışır, sanki üzbəsurət öz həyat tarixcəsini onlara nəql edir və bu müraciət, bu şağırış ürəklərə yol tapır.

İstiqlaliyyət, demokratiya, tərəqqi, bütün bunlar hələ çox sonra - bizim hər birimizin beynində dərin kök salmış yalan çıxıb gedəndən sonra gələcəkdir. Yazıçı deyir ki, bizim ətrafımızda hər şeyi udub məhv edən rəzalət və köləliyə görə təkcə dövlət, cəmiyyət, iqtidar, yaxud müxalifət deyil, ilk növbədə bizim hər birimiz şəxsən məsuliyyət daşıyırıq. O deyir ki, mübarizəyə girmək, təkbaşına da olsa ilk addımı atmaq gərəkdir. Təklikdə çətin olan ilk addımı...

Soljenitsının resepti sadədən də sadədir – heç vaxt, hətta ən müqəddəs məqsədlər naminə belə yalan söyləmə, həqiqəti ört-basdır eləmə. Vicdansız cəmiyyətdə demokratiya mövcud ola bilməz. Cəhd elə, yalandan qurtul. O vaxt daha heç kəs səni alcaldıb əzə bilməz!

Hikmət Hacızadə