Saturday, February 4, 2012

"Bu qüvvənin qarşısında heç kim dayana bilməz"

Yazıçı, publisist Seymur Baycan
Seymur Baycan: "Əgər Azərbaycanda oxumuş, geyinməyi bacaran, sağlam düşüncəli, modern təfəkkürlü yüz qız olsa, yaxşı mənada ölkənin altını üstünə çevirmək olar"

“Azad Gənclik” Təşkilatı yeni layihəyə başlayır. Ölkənin tanınmış şəxsləri ilə hazırlanacaq müsahibələrdə sualları təşkilatın üzvləri verirlər. Belə ki, ilk müsahibimiz yazıçı, publisist Seymur Baycandır. S.Baycan həm yaradıcılığı, həm də digər müxtəlif mövzularlı əhatə edən suallara cavab verib.


- Möcüzəyə inanırsınız?
- İnanıram. Özüm yazmağa başlayandan sonra bəzi əsərlərin yazılması mənə möcüzə kimi görsənir. Söhbət ondan getmir ki, sən özün zəif və yaxud güclü məhsul ortaya qoyursan. Sadəcə yaradıcı prosesin özü bir çox məsələləri anlamaqçün açar rolunu oynayır. Bu mənada məsələn, Şoloxovun “Sakit Don“ əsəri mənimçün möcüzədir. Əgər mənim əlimdə mütləq bir səlahiyyət olsaydı, insanların hamısını həbsxanaya salıb, onları bu əsəri oxumağa məcbur edərdim. Və yalnız “Sakit Don” əsərini oxumuş dustaqları əhv siyahısına salardım. Yapon yazıçısı Misima deyirdi ki, mən yaradıcı prosesdən heç bir həzz almıram, mən samuray kimi yazıram. Bilirəm ki, masa arxasında oturub beş saat yazmaq lazımdır... Həqiqətən də yaradıcı proses çox ağır prosesdir. Bu mənada bir çox əsərlərin yazılması mənimçün möcüzədir. Əlbəttə, söhbət həmin əsərlərin həcmindən getmir. Hər kəsin öz məcüzəsi var. Mənimçün möcüzə “Sakit Don”, “Səfillər”, “Hərb və Sülh” kimi əsərlərin yazılmasıdır. Sualın metafizik tərəfinə gəldikdə isə, möcüzələr həqiqətən də var. Və əgər sən o möcüzəni görməmisənsə, yaxud görə bilmirsənsə, bu o demək deyil ki, möcüzə yoxdur.

- Sizcə gözəllik nədən başlayır?
- Herman Broxun “Vergilyanın ölümü” əsəri var. Həmin əsərdə Herman Brox yazır ki, həqiqət bəzən gözəlliyin kölgəsində gizlənir. Yaxud, gözəllik bizə həqiqəti görməyə imkan vermir. Fikrini belə əsaslandırır, məsələn, biz Misir piramidalarına baxarkən, piramidaların əzəmətindən o qədər vəcdə gəlirik ki, bu piramidaların tikilişi zamanı aclıqdan, susuzluqdan ölən, ağır daşların altında qalıb əzilən qulların acı taleyini unuduruq. Bu yaxınlarda başqa bir fikri oxudum. Deyilir ki, gözəllik həqiqətin ardınca gəlir. Yəni, sən həqiqəti tap, gözəlliyi də tapacaqsan.

- Həyatda ən çox nədən qorxursunuz?
- Pərt olmaqdan. Tutaq ki, metroda gedirsən, əlindəki selofan torba cırılır və torbadakı kartoflar vaqona diyirlənir. İndi gəl camaatın ayaqları altından kartof yığ. Yığmasan da bir başqa cür biabırçılıqdır. Mən bu kimi situasiyalardan çox qorxuram. Və belə məqamlarda özümü həddinnən ziyadə zəif hiss edirəm.

- Hansı peşə ilə məşğul olmaq istərdiniz?
- Massajist olmaq istərdim.

- Hansı heyvanı xoşlayırsınız?
 İti çox sevirəm. Heyf ki, saxlamağa heç bir şəraitim yoxdur. Bəlkə də iti çox sevməyimin səbəbi uşaqlıqda sevərək baxdığım “Dörd tankist və bir it”, “Qaraqulaq, ağ Bim” filmləri idi.

- Pul xərcləməyi xoşlayırsınız? 
- Çox sevirəm! Mən pul xərcləyəndə gümrahlaşıram. Xəsis kişiyə nifrət edirəm. Məncə kişinin ən pis cəhətlərindən biri xəsis olmasıdır. Mənim xəsis kişilərin övladlarına yazığım gəlir. Yeri gəlmişkən deyim ki, ədəbi mühitdə, şair yazıçılar arasında xəsis adama yer yoxdur. Əgər bilsələr ki, sənin cibində pul var, xərcləmirsən, adamın üstündən qara xətt çəkərlər. İnformasiya üçün deyim ki, ədəbi mühitdə ən səxavətli adamlar Aqşin Yenisey və Əli Əkbərdir.
Onlar Hatəm qədər səxavətlidirlər.

- Qəhrəmanınız kimdir?
- Əgər ədəbiyyatdan söhbət gedirsə, “Hərb və Sülh” əsərindəki Pyer Bezuxovu çox sevirəm.

- Yenidən gənc olmaq istərdinizmi?
- Tomas Vulfun bu mövzuda çox gözəl bir essesi var. Həmin essedə yazır ki, bir çox insanlar öz gənclik illərini çox şövqlə xatırlayırlar. Amma onlar təzədən gənc olmaq istəmirlər. Məndə də belə bir vəziyyətdir. Mən keçmişimi tez-tez xatırlayan insanlardanam. Amma gördüklərimi yenidən yaşamaq istəməzdim. Həvəs yoxdur.

- Sizi gah erməni, gah mason, üzr istəyirəm, gah da mavi deyirlər. Bu ittihamlara necə cavab verərdiniz?
- Bəstəkar Elmir Mirzoyev bu haqda bir dəfə yazmışdı. Bizim ölkədə kölə olmayan adama ya mason, ya erməni, ya da mavi deyirlər.

- Pornoya baxırsınızmı?
- Baxıram. Xüsusən sujetli pornoları çox sevirəm. Məhşur əsərlərin motivləri əsasında çəkilmiş pornolara baxanda xüsusi zövq alıram. “Pornoya baxmıram”, “pornodan iyrənirəm” deyən adamların səmimiyyətinə inanmaq mənimçün bir az çətindir. Onların ən səmimisi özünü sığortalamaq üçün deyirlər ki, mən hərdən erotikaya baxıram. Yeri gəlmişkən, 90-ci illərin əvvəllərində dənizçilərin mədəniyyət evində videozal var idi. mən orda erotik filmlərə baxırdım. O vaxtı Pazolininin “Dekameron” filminə erotik film kimi baxmışam. Mən hardan biləydim ki, erotik film kimi baxdığım bu film dünya kinosunun şedevr nümunələrindən biridir. Bunu o vaxtı 5-6 adam bilə bilərdi. Həmin adamların da o videozala gəlib çıxması mümkünsüz idi...
Ən sevdiyim pornoulduz Kim Kardaşyan, Cena Ceymson, Asia Karreradır.

- “18,6 sm” romanınızın adı birmənalı qarşılanmır. Nə deməkdir bu?
- Hərə bu kitabın adına bir cür məna verir. Olsun, zatən “18,6 sm” romanı birbaşlı əsər deyil. Düzdür, adamların daha çox “Quqark” əsəri xoşlarına gəlir, amma “18,6” romanı mənə daha doğmadır.

- Sizcə yazıçılıq nədir?
- Mənə görə yazıçılıq bir ömürdə bir neçə taleni yaşamaq cəhdidir.

- Siz niyə rusiyapərəstsiniz?
- Ola bilsin ki, mənim rus mədəniyyətinə böyük hörmətim bəzi dostların belə bir qənaətə gəlməsinə rəvac verib. Biz Avropa mədəniyyəti ilə ruslar vasitəsilə tanış olmuşuq. Rus ədəbiyyatı dünyanın ən güclü ədəbiyyatıdır. Ümumiyyətlə belə bir söz var ki, dünya ədəbiyyatı haqqında ayrıca, rus ədəbiyyatı haqqında isə ayrica danışmaq lazımdır. Tale belə gətirdi ki, mən rus ədəbiyyatını daha çox oxumalı oldum. Yazılarımda tez-tez rus yazıçılarından sitatlar gətirirəm. Yəqin ki, bütün bunlar mənim rusiyapərəst kimi görünməyimi şərtləndirir. Bu günki Putin rejimi rus mədəniyyətinə xor gözlə baxmağa əsas verməməlidir. Mən Rusiyada siyasi dəyişikliyin baş verməsini arzulayıram. Rusiyada yaxşı yöndə hər hansı dəyişiklik mütləq və mütləq Azərbaycana öz təsirini göstərəcək. Bu yaxınlarda “İki gün”adlı rus filminə baxdım. Film bitən kimi anladım ki, Rusiyada mütləq dəyişiklik baş verəcək. Həmin filmdə çox ciddi söhbətlər var. Filmdən aydın olur ki, ruslar artıq öz mövcud vəziyyətlərindən utanc hissi keçirirlər. Yəqin ki, Rusiyada inqilab ənənəsi öz sözünü deyəcək.

- Hansı dövrü Azərbaycan ədəbiyyatı üçün yüksək qiymətləndirirsiz və nə üçün?
- Bizim düşüncə tariximiz Axundovla, Axundovdan başlayır. Mən dövrün yox, fərdlərin və əsərlərin adını çəkə bilərəm. Məsələn, Axundov öz dövrünün nəbzini tutan şəxsiyyətdir. Yaradıcılıqda öncəgörmə çox vacib şərtlərdən biridir. Bu mənada Axundovun öncəgörmələri məni heyrətə salır. Azərbaycan xalqının fərdlər baxımından bəxti gətirib. Üzeyir Hacıbəyov heç nədən, yoxdan bu xalq üçün akademik musiqi yaradıb. Cəfər Cabbarlının inqilabçılığı, nəfəsi çox heyrətamizdir. Əgər bizim yazılı ədəbiyyatımızın tarixinin çox da “yaşlı” olmadığını nəzərə alsaq, Cəfər Cabbarlı sözün həqiqi mənasında, mübaliğəsiz fenomenal bir şəxsiyyətdir. Onun istedadını yapon yazıçısı Akutaqava Rünoske, nəfəsinin genişliyini isə rus şairi Mayakovski ilə müqayisə etmək olar. Hər bir şüurlu azərbaycanlı sağ əlini ürəyinin üstünə qoyub arxayınçılıqla Cəfər Cabbarlı şəxsiyyəti ilə fəxr edə bilər. Bu yaxınlarda Hüseyn Cavidin əsərlərini təkrar oxudum. Cavid çox dərindir. Tamam başqa FM-dir. Yeri gəlmişkən, “Topal Teymur” əsərində altını cizdiyim bir cümləni burda tirajlamaq istərdim: “Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir”. Ümumilikdə isə əgər peşəkarlıqdan söhbət gedirsə, mənimçün Qara Qarayev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətdir....
Hələki, Cəfər Cabbarlının, Mirzə Cəlilin, Üzeyir bəyin, Haqverdiyevin ziyası bizim üstümüzə düşməkdədir. Bu şəxsiyyətlərin həyatı və yaradıcılığı Azərbaycanın qaranlığa bürünməsinə imkan vermir. Bu gün bizim az-çox əlimizdə olan dəyərlər çox çətinliklə, böyük insanların həyatı bahasına yaranıbdır. Adi bir fakt deyim sizə, Həmidə xanım öz xatirələrində yazır ki, Təbrizdə “Ölülər” tamaşasını göstərəndə aktyorlar səhnəyə tapanca ilə çıxmışdılar. Həmidə xanımın xatirələri o dövrü anlamaqçün çox əvəzsiz bir mənbədir. Mən o xatirələri oxuduqdan sonra başa düşdüm ki, hər bir şüurlu azərbaycanlı Cəfər Cabbarlının, Mirzə Cəlilin, Üzeyir bəyin, Haqverdiyevin yaradıcılığını bacardıqca dərindən öyrənməlidir. Onlar çox əzab çəkiblər və biz onların əzab-əziyyətini qiymətləndirməliyik. Əgər qiymətləndirməsək, onların ruhu bizə qənim kəsiləcək və bir xalq olaraq xoşbəxtlik qapısı bizim üzümüzə bağlanacaqdır.

- Baxdığınız filmlərdən ən mənasızı hansıdır?
- “Əhməd haradadır” filmi. Həyatımda o dərəcədə şit filmə baxmamışam.

- Həyatda kimə və nəyə minnətdarsınız?
- Kimə minnətdar olduğumu dəqiq söyləmək mənimçün çətindir. Amma onu dəqiq deyə bilərəm ki, mən daha çox oxuduğum kitablara borcluyam. Çünki kitablarsız mən qara, uzunburun, dabanlı ayaqqabı geyinən, toy kasetinə baxıb özünə arvad seçən, yolu qırmızı işıqda keçməyi qəhrəmanlıq sayan, toyda mahnı üstündə dava salan, namusu, qeyrəti 3-4 damcı qanda görən və bütün ömrünü, həyatını hala süd əmmiş, əl dəyməmiş qız axtarmağa sərf edən bir adam olardım.

- Sizə niyə bu qədər nifrət edirlər, inamsız yanaşırlar?
- Mənə nifrətin mənbəyi yazılarımdır. Kimlər ki, yazılarımda özlərini görürlər, kimlər ki, ifşa olunurlar, onlar mənə nifrət edirlər. “Min hoqqayla, haram yolla pul qazanıb, amma mağazada halal sosiska axtaranlar, işçisinin maaşindan kəsib məscid tikdirənlər var” cümləsinin müəllifinə əlbəttə nifrət etməlidirlər...
Mənə nifrət edənlərin böyük əksəriyyəti vətəndaş mövqeyi olmayan insanlardır. Daha dəqiq desək “Paytaxt sakinləri”dir. O kəslər ki, onlar 300, 400, 500 manat maaşa görə hakimiyyətin əsirinə, alətinə çevriliblər. O kəslər ki, gündə üç dəfə, bəziləri beş dəfə müdir, direktor, rəis tərəfindən təhqir olunurlar. Və bu təhqir olunmuş insanların gücü mənim yazılarımın altına təhqiramiz şərhlər yazmağa çatır. Bununla onlar özləri özlərinə təsəlli verir və özləri özlərinə fərd olduqlarını sübut etməyə çalışırlar. Onlar o qədər qorxaqdılar ki, hətta mənə yazdıqları təhqiramiz məktubları öz həqiq elektron ünvanlarından göndərməyə cəsarətləri çatmır.
O ki qaldı mənə qarşı inamsızlığa, burda bir müşahidəmi sizinlə bölüşmək istərdim. Onlar o qədər kölədilər ki, kiminsə azad insan olmasına inamlarını itiriblər. Lenin demişkən, onlar öz köləliklərini dərk edirlər. Öz köləliyini dərk etmiş və kölə olaraq qalmaqdadırlar. İddiaları var, cəsarətləri yoxdur. İddia və qorxaqlıq bir insanda birləşirsə, çox acınacaqlı vəziyyət yaranır. Onlar kiminsə azad olmasına, hansısa bir dəyərə gerçəkdən inanmasına möcüzə kimi baxırlar. Hər şeyi pulla ölçürlər. Məsələn, əgər mən Stefan Sveyqin “Dünənin dünyası” əsəri haqqında bir yazı yazıb insanları bu əsəri oxumağa səsləyirəmsə, onlar düşünürlər ki, mən bu yazıya görə yəhudilərdən, masonlardan pul almışam. Əslində isə “Dünənin dünyası” gerçəkdən çox möhtəşəm bir əsərdir. Və mən o əsər haqqında yazı yazmaqda məqsədim bu əsərin Azərbaycanda nəşr olunduğunu insanlara xəbər vermək olubdur. Mənə nifrət edənlərin çoxu pulu hər şeyə qadir hesab edirlər. Didro demişkən: “Pulu hər şeyə qadir edənlər, puldan ötrü hər şeyə qadirdilər”. Yəni, əgər bir insan deyirsə ki, filankəsin yazdığı boş söhbətdir, onu min manata satın almaq olar, deməli bu fikri səsləndirən insanın özü min manata özünü satmağa hazırdı. Belə insanlar potensial fikir sütenyorlarıdır. Qısası, kölələrin düşüncəsinə görə azad insan yoxdur. Və onlar hər bir fürsətdən, vasitədən yararlanaraq azad insanların azad olmadığını sübut etməyə çalışırlar.

- Deyilənə görə siz həyatda çox utancaq insansınız.
- Müğənnlilər demişkən, yazılarımda nə qədər sərt görünsəm də, həyatda bir o qədər utancaq və çəkingən insanam. Məndə insanların narahat etmə xəstəliyi var. Və bu xəstəlikdən mənim dostlarım, ətrafdakı insanlar ciddi əziyyət çəkirlər. Əgər bir nəfər avtobusda telefonla qışqıra-qışqıra danışırsa, mənim ovqatım tamam korlanır. Çox çətinliklə özümə gəlirəm. Dostlarım deyir ki, mən nə qədər deyib-gülən olsam da, gözlərimdə daima bir kədər hiss olunur. Utancaqlığa gəldikdə isə həqiqətən də utancaqlığımdan çox ciddi əziyyət çəkirəm. Məsələn, mən özümə alt paltarı ala bilmirəm. Tərslikdən bizim ölkədə kişi alt paltarlarını qadınlar, qadın alt paltarlarını isə kişilər satırlar. 2003-cü ilə qədər mənə alt paltarını anam alırdı. Sonradan kitablarım çıxdı, bir az ciddiləşdim və onun aldığı paltarlar məni qane etmədi. Və mənə indi bu məsələdə bir xanım yazar dostum kömək etməkdədir. Mən paltarını yerini müəyyənləşdirirəm, formasını, rəngini deyirəm, o gedib alır. Ayıbdır, adını çəkmək istəmirəm. Amma fürsətdən istifadə edib ona öz təşəkkürümü bildirirəm. Aptekdən rezin almaq da mənim üçün böyük işgəncədir. Bu məsələdə mənə dostlarım köməklik edirlər. Bir dəfə bütün cəsarətimi toplayıb aptekdən rezin almağa cəhd etdim, ağ xalatlı satıcı qız üzümə elə baxdı ki, sankı mən ondan rezin yox, adam başı istəyirəm.

- Oxucularınızla tanış olmağı, ünsiyyətə girməyi xoşlayırsınızmı?
- Əvvəllər xoşlayırdım, sonradan oxucularla ünsiyyətə girməməyə çalışdım. Çünki buna məni onların özləri vadar edirlər. İlk görüşdə deyirlər ki, sən mənim ürəyimdən tikan çıxarırsan, bütün fikirlərimi yazırsan. İkinci görüşdə mövzu verməyə başlayırlar, bundan yazsan daha yaxşı olar. Üçüncü görüşdə deyirlər ki mən yazsam sənnən yaxşı yazaram, sadəcə başqa işlə məşğulam. Dördüncü görüşdə deyirlər ki, gəl sənə öz həyatımı danışım, bundan bir roman yaz. Nədənsə, onlara elə gəlir ki, həyatları çox maraqlıdır. Və onların həyatı haqqında mütləq roman yazılmalıdır.

- “Tükəzbanlar” yazısı ilə nə demək istəyirdiz?
- “Tükəzbanlar” yazısı ilə mən xeyli nifrət və lənət qazandım. Qarğış dolu məktublar üstümə dolu kimi yağırdı. Ən çox səsləndirilən sual bu idi: “Sənin anan-bacın var?” Doğurdan da, bu sual mənə tez-tez verilir. Bəli, var. Anam pensioner, bacım isə ailəlidir, iki uşağı var...
 “Tükəzbanlar” yazısı mənə xeyli nifrət “qazandırmasına” baxmayaraq, o yazıdan sonra yaxşı dostlar da tapdım. Həmin insanlar kitabımın satışında, təbliğ olunmasında mənə xeyli köməklik etdilər. Mən o yazılarla öz məqsədimə nail oldum. Xeyli müzakirələr açıldı, bir çox məsələlər təftiş olundu. Mən qadınların böyük qüvvə olduğuna inanıram, qadın çox güclü varlıqdır, onlar mütləq ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməlidirlər. Çox yox, əgər Azərbaycanda oxumuş, geyinməyi bacaran, sağlam düşüncəli, modern təfəkkürlü yüz qız olsa, yaxşı mənada ölkənin altını üstünə çevirmək olar. Bu qüvvənin qarşısında heç kim dayana bilməz! Hətta, siyasi hakimiyyət belə. Əlbəttə, bizim ölkədə yaxşı, sağlam düşüncəli qızlar var. Təəssüflər olsun ki, onlar öz atalarının və qardaşlarının əsarəti altındadırlar. Burdan da bir daha aydın olur ki, bizim mentalitet bizə nə qədər zərbə vurmaqdadır. Ölkənin ictimai-siyasi-mədəni həyatına öz töhvələrini verə biləcək qızlar mentalitetin yaratdığı dəmir divarların arasında çürüməkdədirlər. Onları mütləq əsarətdən xilas etmək lazımdır. “Tükəzbanlar” yazıları bu mənada mənim kiçik bir cəhdim idi.

- Yazılarınızdan və kitablarınızdan belə məlum olur ki, dolu qadınları sevirsiniz. Bu sizin həqiqi zövqünüzdür, yoxsa bu da bir yazıçılıq priyomudur? 
- “Mərhəmət” filmi yay kinoteatrında baxdığım sonuncu filmdir. Filmdə oynayan türk aktrisası Oya Aydoğanın yumru, ətli çiyinlərinə elə ürəkdən vuruldum ki, bu vaxta qədər qadın zövqüm dəyişməyib. Dünya ədəbiyyatında bir çox qadın qəhrəmanlar doludurlar, yaxud köklüyə meyillidirlər. Mənim ən sevdiyim qadın obrazı Qonçarovun “Oblomov” əsərində yaratdığı Aqafya Matveyevna obrazıdır. Mən o qadına heyranam. Əsərin motivləri əsasında çəkilmiş filmə baxdım. Heyif ki, rejissor Aqafya Matveyevnanı romandan filmə “daşımayıbdır”.