Wednesday, February 1, 2012

Sənət və inqilab

Alber Kamyu

Sənət həm coşqunluq, həm də süstlükdür. Nitsşe deyir ki: “Heç bir sənətkar reallığı qəbul edə bilməz”. Düzdü. Amma heç bir sənətkar reallıqdan əl götürə də bilməz. Yaradıcılıq həm birliyə, ümumiyə varmaq istəyir, həm də dünyanı heçə sayır. Ancaq bu dünyanı “heç nə” hesab etmək və ondakı əskiklikdən ötrüdür, bir də dünyanın bəzən qovuşduğu bütünlüyə görədir. 


Burada inqilab tarixdən özgə, təbiiliyində və ilkin xaosun içində üzə çıxır, belədirsə sənət bizə, inqilabın üzünə axırıncı dəfə işıq sala bilər. Bununla yanaşı, bütün inqilabçıların sənətə düşmən kimi davrandıqlarını da görərək özümüzü görməməzliyə vura bilmərik. Platon yenə bir xeyli yumşaq xislətlidir. Ancaq o, dilin aldatmaq vəzifəsini ələ alır. Dövlətdən ancaq qıyqışqırıqçıları qovur. Bundan başqa gözəllik onun üçün dünyadan üstündür. İnqilab əxlaqı gözəlliyi sürgün edir. Russonun sənətə, cəmiyyətin təbiətə əlavə etdiyi bir pozğunluq hiss edir. Saint Just teatrları kəskin tənqid edir. “Ağlın bayramı” üçün hazırladığı proqramda, ağlın “gözəllikdən çox düzgünlüyü” olan kəslərin səhnədə canlandırılmasını istəyir. Fransız inqilabı heç bir böyük sənətkar yetişdirmədi, sadəcə, Desmoulin kimi bir böyük jurnalist yetişdirdi. Sadə, yaşayışı nəzərə çarpmayan gizli bir yazıçı yetişdirir. Dövrünün yeganə ozanını gilyotinə göndərir. Bircə böyük nəsr ustası Londona, xristianlıq vasitəsi ilə krala sığınır. San-Simoncular “cəmiyyətə yararlı” olan sənəti qabağa çəkirdilər. “İnkişaf etmək üçün sənət” – XIX əsər ərzində həmişə deyilmiş aristokrat sözüdür. Ondan Viktor Hüqo da istifadə edib, amma o sözü inandırıcı edə bilməyib. Ancaq Valles sənəti pisləməklə ürəkdən gələn bir səsi aşkarlaya bilmişdi.

Bu səs həm də rus nihilistlərinin səsidir. Pisarev faydalı dəyərlərin qarşısında estetik dəyərlərin dağıldığını iddia edir. “Bir rus Rafaeli olmaqdansa, rus çəkməçisi olmağı daha çox istəyirəm”, deyir. Bir cüt ayaqqabı onun üçün Şekspirdən daha faydalıdır. Böyük və dərdli nihilist Nekrasov deyir ki, bir parça pendiri Puşkinin bütün yaradıcılığına dəyişməz. Tolstoyun yaradıcılığını necə inkar etdiyini də hamı bilir. Böyük Petrovnun Peterburqdakı bağ evinə gətirtdiyi, hələ İtaliya günəşinin işığı üstündə olan Venera və Apallon heykəllərinə inqilabçı Rusiya arxasını çevirdi. Yoxsulluq bəzən xoşbəxtliyi xatırladan hallardan kədərlənir və ona qarşı yadlaşır.

Alman ideologiyası sənəti ittiham etməkdə çox da ürəyiyumşaq deyil. Fenamologiyanın inqilabçı şərhçilərinə görə, həyatla uzlaşmış cəmiyyətlərdə sənət qalmayacaq. Gözəllik yaşanacaq, amma təsəvvür edilməyəcək. Tamamilə idraka söykənən reallıq ancaq öz gücü ilə bütün ehtiyacları ödəyəcək. Sərhədli düşüncənin, qaçmaq istəyinin tənqid olunması sənətə qədər təbii olaraq yaradılır. Marksa görə sənət bütün zamanların malı deyil, əksinə, öz dövrü ilə əhatəlidir və idarəedici sinfin əsas tutduğu dəyərləri təlqin edir, belədirsə bircə inqilabi sənət var: o da inqilabın buyruğuna boyun əyən sənət. Tarixdən kənar gözəllik yaradan sənət, idraka söykənən səyə, tarixin tam gözəlliyinə çevrilməsinə əngəl olur. Rus çəkməçisi inqilabçı vəzifəsini bildiyi andan başlayaraq dəyişilməz gözəlliyin həqiqi yaradıcısıdır. Rafael isə ötəri, müasir insanın anlamayacağı bir gözəllik yaradıb.

Hərçənd Marks yunan gözəlliyinin bizim üçün necə gözəllik kimi göründüyünü öz-özündən soruşur. Ona görə bu gözəllik dünyamızın saf uşaqlığını ehtiva edir. Bizim yaşda olanlar mübarizəmizin şirin yerində uşaqlığımızın həsrətini çəkirik. Renessans dövrünün İtaliyasının əsas əsərləri, yaxud Rembrant və ya Çin sənəti bizə hələ də necə gözəl görünür? Bu mövzunun üstündə durmağa dəyməz. Onsuz da, bu sənətə qarşı ittihamlar aşılayır. Və bu günün sənətinə, intellektuallarına şər atmaq məcburiyyətində qalan sənətkar və düşüncə adamı eşqbazlıqla ittiham olunaraq günahkarcasına öz həyatını yaşamağa davam edir. Bunu unutmayaq ki, Şekspiri gözəlliyi alçaldan çəkməçi deyil, əksinə Şekspiri dayanmadan oxuyan və çəkməçiliyi nə istəyə, nə də bilən bir kəslərdir. Dövrümüzün sənətkarları, XIX əsrdə Rusiyanın günah yaxan əsilzadələrinə oxşayırlar, bəhanələri vicdanlarındakı narahatlıqdır. Amma şər atmaq, bir sənətkarın sənət qarşısında baş qaldıran duyğularının ən axırıncı sırasında dayanır. Gözəlliyi, bütün zamanlarda olmuş və olacaq çəkməçini, bizim yediyimiz bu artıq çörək payından məhrum etmək həddini bilən insana yaraşmaz.

Tərcümə etdi: Fərid Hüseyn/Qafqazinfo