Wednesday, December 21, 2011

Ai Weiwei: "Bir müddət sonra görürsən ki, sənin nəslin tapdalanır, sıxışdırılır"

Ai WeiWei - Çinli
"Təxminən 20 yaşlarında ölkəni tərk etməyi yeganə yol bilirsən"



Ai Weiwei Çin Kommunist Partiyasını qorxuya salan artist hesab edilir. 2011-ci ildən Hong Kongdan Pekinə getmək istəyən zaman polislər tərəfindən saxlanılır. Hara aparıldığı isə naməlum olaraq qalır. Dünyaca məşhur "Bird Nest" Stadionunun bədii məsləhətçi olan Weiwei həbsdə ikən 50 dəfə sorğu-suala çəkilir. Həbsinin siyasi motivli olduğunu iddia edən Ai 80 gün həbsdə saxlanıldıqdan sonra azad edilir. İnqilabçı şair atanın oğlu olan 54 yaşlı Ai, son illər Çin hakimiyyətini narahat edən əsas firqurlardan hesab edilir, sözünü çəkinmədən, qorxmadan deyir.


İngiliscə normal  danışa bilən Ai, dekabrın 12-də "Time" jurnalına müsahibə verib. Pişikləri və itləri arasında müsahibə verən Ai Weiwei həbsindən, Twitterdə paylaşdığı əsərlərdən,  Çinin qlobal etiraz və inqilab qüvvələrinə dözümlülüyü barədə danışıb:

- 1981-ci ildə siz Çinə geri dönüş planı olmadan tərk etdiniz, lakin geri qayıtdınız, səbəb nədir?

- Atamın, eləcə də başqa insanların tənqidlə və mübarizə aparmaqla məşğul olduğunu görmüşdüm, yəni bu fikrə daha öncə gəlməmişdim. Bir müddət sonra görürsən ki, sənin nəslin tapdalanır, sıxışdırılır. Hakimiyyətin xalqa həqiqətləri çatdırmaq kimi bir fikri olmadığını görürsən. Bir tərəfdən bu qəddarlıqdır, çox böyük amansızlıqdır, digər  tərəfdən isə zəiflik göstəricisindən başqa bir şey deyil. Təxminən 20 yaşlarında bu böyük mexanizm tərəfindən məhv olunmadan, öz şərəfini, mənliyini qorumaq üçün çıxıb getməyi, ölkəni tərk etməyi yeganə yol bilirsən. Beləliklə də, mən Çini tərk etmək qərarına gəldim. New-Yorkda 12 il yaşadım. O zaman 36 yaşım vardı. Çinin dəyişilməsilə bağlı bir çox şeylər eşidirdim. Atam xəstə idi, geri dönmək, onu son dəfə görmək istədim.

- 1993- cü ildə qayıtdınız. Bu günün Çini ilə qayıtdığınız zamanın Çini arasındakı fərqlər nələrdir?

- Mənim fikrimcə Çini iki məfhum dəyişib: Birincisi, sağ qalmaq, Çin məcburən Qərbə açılmalı oldu. Başqa cür həyatda qala bilməzdi. Ancaq bu açılım indiki Şimali Koreya olduğu kimi, ölkədə milyonlarla ac insanın ölməsindən sonra baş verdi. Bir müddət qlobal dünyanın bir hissəsi olduq, razılaşmalı olduğumuz bəzi qayda-qanunlar vardı. Çox əzablı bir vəziyyət olsa da buna məcbur olduq. Sağ qalmaq üçün onsuzda başqa bir yol yox idi. Amma ölkə daxilində yenə də həmin mexanizdi. Nə şəffaffıq var, nə də ki düzgün məhkəmə sistemi. Digər məfhum isə internetdir. Məhv olmamaq üçün internetin də vacib olduğunu düşündülər. Bu da yaşamla bağlı idi. Lakin ondan istifadə etmək üçün inkişaf etmək lazım gəlirdi. İnternetə və orada mövcud olan məlumatlara tamamilə senzura qoya bilmədilər. Bu iki məfhum xalqın xarakterini də dəyişmiş oldu.

Ai Weiwei
- Son illərdə siyasi fəalliyyət üçün İnternetlə işləməyə başladınız. Bu necə baş verdi?

- Mən memarlıqla məşğul idim. Memarlıq üçün də gərək bürokratiya, siyasətlə, cəmiyyətlə sıx əlaqədə olasan. Böyük layihələrə başlamaq üçün bu biraz mürəkkəb proseduradı. Cəmiyyəti, onun necə işlədiyini görməyə başlayırsan. Mənim işimlə bağlı Sina (Çin İnternet Şirkəti) məndən bloqumu istədi. Mən onlara komputerimin olmadığını dedim. Dedilər ki, narahat olma, çox asan bir işdir, bunun üçün sənə kömək edəcəyik. Əvvəllər, incəsənətlə bağlı işlərimi paylaşmağa başladım. Çox az məqalə yazırdım. Yazmaq çox təqdirəlayiq bir qabilliyyət sayılsa da, mənim yazıçı olmaq kimi bir istəyim və ya şansım yox idi. Bu da mənim təhsilimlə bağlı idi. Rəhbər Maonun sözləri xaric, nəyisə oxuduğumu xatırlamıram. Belə ki, yazmağa başladım. İlk bloq yazım bir cümlədən ibarət idi: “Özünü ifadə etmək üçün səbəbə ehtiyac var, özünü ifadəetmə isə bir səbəbdir''.  Sonralar yazmaqla daha çox məşğul olmağa başladım, həqiqətən də həmin vaxtlar  yazmaqdan böyük həzz alırdım. İnsanlar mənim fikirlərimi oxuyacaqdı, bu əvvəllər yaşamadığım bir hiss idi, silahdan çıxmış bir mərmi hissi kimi.

- Onlayn işləməyiniz daha da siyasiləşməyə başladı, xüsusilə də Sichuan zəlzələsi vaxtı dağılan, keyfiyyətsiz tikilmiş məktəblərlə bağlı təhqiqatlara başlamanızdan sonra.

-  Mənim bloqumu bağladılar, çünki hər gün yeni bir təhqiqatın nəticələrini paylaşırdıq. Hakimiyyətin həqiqəti demək istəməməsini başa düşdüm, ancaq vətəndaşlar nə isə bir hərəkət etmək üçün məsuliyyət daşımalıdırlar. Bu çox böyük bir təsirə malikdir. Xalqa bu adları necə qazandığımızı (tələbələr), qarşılaşdığımız çətinliklərin nələr olduğunu (könüllülər), nə qədər müddətə həbs olunduğumuzu bütün detalları ilə göstərdik.

İlk vaxtlar bloqun bağlanması mənə pis təsir etmişdi, əlbəttə artıq edə biləcəyimiz heç bir şey yox idi. Sonra bir nəfər mənə dedi ki, sənin üçün minibloq açmışam. Bu minibloq sadəcə bir cümlə, 140 işarəlik cümlələrdən ibarət idi. Twitter mənim üçün hekayə kimi idi, zəngin, təbii və real. Mənim tərzimə də uyğun idi, il yarım müddətdə təxminən 100.000 sözə yaxın 60.000 twitim oldu. "Twitter"-ə gün ərzində minimum 8 saat vaxt sərf edirdim, bəzən bu 24 saat belə olurdu.

Ai Weiwei bu əsərini Çin Kommunist Partiyasına həsr edib.
Şəkil dünyaca məşhur əsərdi. Həmçinin müasir incəsənət hesab edilir

- Həbsiniz sizi susmağa vadar etdi. Bu nəyə bənzəyirdi?

- Əvvəlcə onlar səni inandırmağa çalışır ki, heç nə və həç bir qanun səni qoruya bilməz.  Onlar mənə Lio Şaoqini misal kimi göstərdilər (Mədəni İnqilab ərəfəsində təqib edilmiş və 1969-cu ildə həbsdə vəfat etmiş Çin rəhbəri). Konstitutsiya onu qoruya bilmədi, bugün də çox şey dəyişilmiş deyil. Ona belə deyilmişdi: ''Biz sənin adını ləkələmək istəyirik, sənin şöhrətinə zərbə vurmaq istəyirik. İnsanlara sənin yalançı və namussuz olduğunu demək istəyirik''.

Tərcümə etdi: Aysel Saday
Ardı olacaq...