Monday, May 16, 2011

Azad Gənclik Təşkilatı “Korrupsiyanın gənc düşmənləri” kampaniyasına başlayıb


Son bir ayda Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə başladığını elan edib və müxtəlif nazirliklər, dövlət qurumları, yüksək vəzifəli şəxslər bu istiqamətdə ciddi tədbirlər həyata keçirildiyini bəyan edir. Bundan öncə də cəmiyyətimiz korrupsiyanın ölkəmizdə ciddi kök atmasını ağrı ilə müzakirə edirdi. Vətəndaş cəmiyyəti təmsilçiləri, siyasi qurumlar, mətbuat, mütəxəssislər, beynəlxalq şəffaflıq təşkilatları bu problemlə bağlı haray çəkir, ölkəmizin bundan dəhşətli dərəcədə əziyyət çəkdiyini və inkişafdan geri qaldığını önə çəkirdilər.
Azad Gənclik Təşkilatı olaraq, biz hökumətin bu dəhşətli problemi etiraf etməsini və ona qarşı başladığı kampaniyanı məmnunluqla izləyirik, eyni zaman da çox narahatıq ki, anti-korrupsiya kampaniyası səmimi aparılmaya bilər və ancaq sözdə, kağızda qalar. Artıq bu narahatlığa əsas verən təzahürlər sezilməkdədir. Biz istərdik ki, hökumət korrupsiyanın qarşısının alınmasında səmimi olsun və anti-korrupsiya tədbirlərində prinsipiallıq nümayiş etdirsin, nəticədə cəmiyyətimiz növbəti dəfə  aldadılmasın.
Bu səbəbdən biz başlanılan anti-korrupsiya tədbirlərinə ictimai-nəzarət kampaniyası təşkil etməyi qərara almışıq. Bu istiqamətdə bir sıra tədbirlərimiz olacaq. Bu çərçivədə müxtəlif sahələrdə monitorinqlər, sorğular, aksiyalar keçirəcəyik və maarifləndirmə işləri aparacağıq. Hansı sahədə problemlər varsa, onu ictimai qınağa çevirəcəyik. Həmçinin bu istiqamətdə hesabatlarımız, press-relizlərimiz ictimaiyyətə təqdim ediləcək.
Azad Gənclik Təşkilatı olaraq, biz hər kəsi başladığımız kampaniyada iştirak etməyə çağırırıq. Haqlarımız alınıb-satılmazdır. Haqlarımızı tələb etməli və onlara sahib çıxmalıyıq. Rüşvət vermək bizim alnımıza yazılmayıb! Rüşvət alanlar və ictimai sərvətə göz dikənlər cinayətkardır!