Sunday, January 22, 2012

AGT gənclərinin müsahibəsi

Ötən həftə Azad Gənclik Təşkilatının fəalları mətbuata açıqlamalar veriblər. Müsahibələri təqdim edirik.
Təbriz Önər - Foto: Ayxan Tan
2012-ci ilə diktatura qətiyyən yaraşmır

Cəmiyyətin fəal kəsimi gənclərdir. Bu gün onlar ön sıradadır. Az da olsa keçirilən kütləvi aksiyalarda məhz gəncliyin səsi daha gur gəlməyə başlayıb. Son illər onlar bir-birindən maraqlı, cəmiyyət üçün yeni olan aksiyalarla yadda qalıb. Indi gənclik təşkilatlanmış formada mübarizəyə daha çox üstünlük verir. Bu gün Azərbaycanda fəaliyyət göstərən belə təşkilatlardan biri də Azad Gənclik Təşkilatıdır. Bu təşkilatın fəallarından biri - Təbriz Önərlə gənclərin fəaliyyətinə işıq salmağa çalışdıq.

- Təbriz, Azad Gənclik Təşkilatının 1 illiyi münasibəti ilə sizi təbrik edir, yeni uğurlar arzulayıram. Bu bir il ərzində nə işlə məşğul olmusunuz?


- Bir il ərzində xeyli aksiyalarımız, film nümayişlərimiz, yerli gənc yazarların kitablarının təqdimatları, kitab aksiyalarımız və digər tədbirlərimiz olub.

- Yəni maarifləndirici təşkilatsınız? 

- Bəli, maarifləndirici təşkilatıq. Daha çox gənclərin maariflənməsi istiqmətində fəaliyyət göstəririk. 

- Maarifləndirə bilirsinizmi? Yəni bu aksiyaların, tədbirlərin xeyrini görürsünüzmü?

- Kənardan gələn reaksiyalara baxsaq, açığı çox yaxşı qarşılanır. Sıralarımız günü-gündən genişlənir, xüsusən də kitab aksiyalarına maraq çoxalıb. Gənclər bu aksiyaları pozitiv qarşılayır. Artıq facebookda fan səhifəmizin 3000 üzvü var və bu say artmaqda davam edir.

- Azad Gənclik Təşkilatının yaxında sədr seçkisi olacaq. Sən də namizədsən. Platforman hazırdımı? 

- Platformamı bu yaxınlarda ictimaiyyətlə bölüşəcəm.

- Təşkilatın sədri Ülvi Həsənli təşkilatdaxili müxalifətə maneələr törətmir ki?

- Əksinə, Ülvi çox yaxşı qarşıladı, hətta başqa fəallara da istəyən hər kəsin namizəd ola biləcəyini dedi. Ümumiyyətlə, mübarizə deyəndə ağlıma gələn ilk insan Ülvi Həsənlidi...

- Bəs Azərbaycanda baş verən son ictimai-siyasi prosseslərə münasibətiniz necədi?


- Biz hakimiyyətə müxalif olan təşkilatıq, mövqeyimizi də hər yerdə açıq bildiririk. Son günlər baş verən hadisələrdə də vəziyyətin pis olmadığını gördük. Xalqın əksəriyyəti olmasa da bir hissəsi artıq etirazlara başlayıb. Evləri zorla sökülən vətəndaşların və tələbələrin etiraz aksiyaları keçirməməsi, əlbəttə, yaxşı hal deyil, amma artıq müəyyən cəhdlərin şahidi oluruq ki, bu da sevindiricidir. Nəhayət ki, illər sonra cəmiyyətin əzilən, amma passiv olan hissəsi də yavaş-yavaş haqlarını tələb etməyə başlayıblar.

- Bu prosseslərin nəticəsini necə proqnoz edirsiz? 2013-cü ildə keçiriləcək prezident seçkiləri də yaxınlaşır...

- Çox ümidliyəm. Artıq 2012-ci ildi, bu tarixə diktatura qətiyyən yaraşmır. Ətrafda bir çoxları bizim demokratiyaya qovuşacağımız il kimi 2018-i göstərirlər, amma 2018-ci ilə qədər diktatura, avtoritarizm gülünc görsənir. Biz 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü demokratik Azərbaycanda, təmtəraqla qeyd edəcəyik. Buna şübhəm yoxdur. Prezident seçkisinə kimi məsələnin həll olacağına inanıram.

Məcid Mərcanlı / Azadlıq qəzeti






Tələbələrin şirin yuxusu: Boloniya sistemi

«Azərbaycanda Boloniya sistemini istədikləri formada dəyişib tələbələrə təqdim ediblər. Ona görə də tələbələr arasında biz ona Boloniya yox, «koloniya sistemi» deyirik. Boloniya sistemində dərslər interaktiv üsulla keçilməlidir. Bizdə isə hələ də mühazirələr imla şəklində olur, heç bir yeni avadanlıqlardan istifadə olunmur». 


Orxan Abdulla
Orxan Abdulla İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Deyir 3 ildir Boloniya sistemində təhsil alsa da, hələ də xaricdə bu sistemlə təhsil alan dostlarına həsəd aparır. Həmin dostlarından fərqli olaraq, fənn seçimindən tutmuş elektron kitabxanalardan istifadəyədək Boloniya sisteminin bir çox imkanlarından məhrumdur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Asim Əhmədzadə də deyir ki, Boloniya sistemi deyiləndə, yalnız 100 ballıq sistemə keçiddən başqa ağlına bir fikir gəlmir:

«100 ballıq sistemdir. Başqa heç nə Boloniya sisteminin olduğunu göstərmir. Nə tələbənin dərs seçimi, nə də başqa məsələlər. Boloniya sistemində tələbə dərsini, dekanını da özü seçməlidir, dəftərdə qiymət olmamalıdır».

BİR QAYIB – BİR MANAT


Asim Əhmədzadə deyir ki, Azərbaycan ali məktəblərində yeni sistemə keçid təhsildə korrupsiyanı da artırıb. Məsələn, hazırkı bal sistemində dərsə davamiyyət də nəzərə alındığından Asim Əhmədzadənin dediyinə görə, bəzi ali məktəblərdə qayıbın konkret qiyməti var. Məsələn, bir qayıbı pozdurmaq tələbəyə bir manata başa gəlir.

Asim Əhmədzadə hesab edir ki, Boloniya sisteminin azərbaycanlı tələbələrə yalnız bir müsbət təsiri olub, o da, kəsirə görə kursda qalmaq məsələsinin ləğvidir. Başqa sözlə, yeni sistemə görə, bir fənnin imtahanından keçə bilmirsənsə, təkrar kursda qalmırsan. Sadəcə, növbəti tədris ilində kəsildiyin fəndən də imtahan verməli olursan.

Yazıçı Əli Əkbər və Asim Əhmədzadə
 Azərbaycanda Boloniya təhsil sisteminin tətbiqinə 2005-ci ildən başlanıb. Artıq 20-dən çox ali məktəb bu sistemə keçib. Boloniya təhsil sisteminin sovet təhsil sistemindən bir sıra fərqli cəhətləri var. Məsələn, kompyuterləşmiş auditoriyalardan və elektron kitabxanalardan istifadə, fəndən tutmuş müəllimədək seçim azadlığının olması və s. Bundan başqa, tələbə heç də mühazirələrdə mütəmadi iştirak etmək və deyilənləri dəftərə yazmaq məcburiyyətində deyil. Mühazirələr hətta e-mail vasitəsilə tələbəyə göndərilə də bilər.

Amma söhbət etdiyimiz tələbələr deyir ki, Azərbaycanda nəinki kompyuterləşmiş auditoriyalar, elektron kitabxanalar lazımi səviyyədə deyil, tələbələrin seçim imkanları yoxdur. Hətta dərsə davamiyyəti pozduğuna görə universitetdən qovulmaq təcrübəsi də qorunub saxlanır. Məsələn, 3 fənnin hər birində 30 faiz davamiyyəti pozmusansa, qovulmaq təhlükəsi ilə üz-üzəsən.




Məqaləni tam linkdən oxuya bilərsiniz: 
Ülkər Akifqızı/Azadlıq Radiosu