Wednesday, January 11, 2012

1 yaşımızla bağlı açıqlamamız // VİDEO

Bu gün – 10 yanvar 2012-ci il “Azad Gənclik” Təşkilatının yaranmasından 1 il keçir. Bu müddət ərzində təşkilat bir sıra tədbirlər - flaşmoblar, aksiyalar, mühazirələr, kitab müzakirələri təşkil edib, videoroliklər çəkib, ictimai sorğular keçirib. Təşkilat bu tədbirlərlə müəyyən qədər gənclərin ictimai aktivliyinin artırılmasına nail olub, cəmiyyətdəki bəzi problemlərə diqqəti cəlb etməyə çalışıb. Həmçinin ölkədəki bərbad təhsilin hökm sürdüyü bir mühitdə gənclər arasında vacib hesab olunan maarifləndirmə işini davam etdirib.


Azad Gənclik Təşkilatı ilk bir ilində ofissiz, maliyyələşdirilməyən layihələrlə, yəni, yalnız könüllülük prinsipi ilə fəaliyyət göstərib. Bu dövr ərzində təşkilata texniki cəhətdən, tədbirlərimizin keçirilməsi üçün imkan yaradan, mənəvi və digər cəhətlərdən yardım göstərən hər kəsə dərin təşəkkürümüzü bildiririk!

Növbəti bir il ərzində indiyədək həyata keçirdiyimiz tədbirləri davam etdirməyi düşünür, yeni-yeni ideyalarla, tədbirlərlə fəaliyyətimizi gənclərüçün daha da maraqlı etməyə çalışacağıq. 

2012-ci il yanvarın son həftəsi təşkilat birinci qurultayını keçirəcək və sədr, idarə heyyəti, digər strukturları yenidən formalaşdıracaq.

Qeyd edək ki, “Azad Gənclik” Təşkilatı 10 yanvar 2011-ci ildə 5 tələbə tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi gənclər arasında demokratik dəyərlərin təbliği, gənclərin ictimai fəallığının artırılması, maarifləndirilməsi və tələbələrin hüquqlarının müdafiə olunmasıdır. Təşkilat həmçinin, gənclərin sosial problemlərinin araşdırılması və ictimailəşdirilməsi, təhsil sahəsində yeniliklərin təbliğ olunması istiqamətində də fəaliyyət göstərir. Ümumilikdə, təşkilatın fəaliyyəti gəncliyin inkişafına yönələn tədbirlər həyata keçirməkdir.


Həmçinin ad günümüzlə bağlı keçirilən party-dən videoya baxa bilərsiniz