Sunday, January 15, 2012

Putinin qorxunc röyası - Aleksey Navalnı

Aleksey Navalni /Foto: navalny.ru
Putini həbs etdirmək istəyən bloqqer, hüquqşunas

Rusiyada avtoritarizmə qarşı başlanan etiraz dalğasının hərəkətverici qüvvəsinə çevrilən 34 yaşlı bloger Aleksey Navalnıdan bəhs edən Avropanın aparıcı nəşrlərindən biri hələ bir il əvvəl onu "Putinin qorxunc röyası" adlandırıb. Dünyanın ən böyük dövlətlərindən biri üzərində özünün qeyri-rəsmi imperatorluğunu qurmuş, cəmiyyəti süst kütləyə çevirmiş bir avtoritar lider üçün bir blogerin qorxulu olacağına o zaman inanmaq çətin idi. Amma müsəlman dünyasının ən böyük ölkələrindən biri olan Misirdə general Hüsnü Mübarəkin 32 illik diktaturasına son qoyan inqilabın hazırlanmasında və idarə olunmasında blogerlərin xüsusi rolu məlum olduqdan sonra, Navalnının və yaxud başqasının bir gün Putin üçün qorxunc röyaya çevriləcəyi günün uzaqda olmadığı gözlənilən idi. 


Aleksey Navalnı da Misir və digər ölkələrdəki bloqqerlər kimi cəmiyyətin ən ağrılı yerinə - korrupsiyanın üzərinə işıq salmağa başladı. Qeyd edək ki, rus xalqı bütün dövlətçilik tarixi boyu rüşvətdən əziyyət çəkib və bu ictimai bəla ilə bağlı ən gözəl ədəbiyyat nümunəsi də məhz Rusiyada yaranıb. Bu günün Rusiyası da rüşvətin cəmiyyətdə normaya çevrildiyi Qoqol dövrünün Rusiyasından geri qalmır. Əksinə, sel kimi ölkəyə axan neft və qaz milyardları rüşvətin böyüyərək korrupsiyaya çevrilməsinə şərait yaradıb. Putin də özünün avtoritarizmini məhz bu amilin - rüşvət və korrupsiyanın üzərində qurub. Navalnı isə məğlubedilməz görünən avtoritar liderin hakimiyyətinin əsasını, korrupsiya mexanizmini ifşa etməyə başlayıb. 

Navalnının silahı - "RosPil"

Navalnıdan əvvəl də Rusiyada total korrupsiyanın mövcud olması haqqında fikirlər səslənirdi. Amma bu, bir qayda olaraq, ümumi sözlərdən ibarət olurdu və korrupsiya ilə bağlı səslənən ittihamlarda xarakter daşıyırdı.
Lakin Aleksey Navalnı fərqli yol seçir. Bütün yazılı və elektron medianın hakimiyyətin sərt nəzarətində olduğu bir ölkədə aşkarlanan faktların ictimaiyyətə çatdırılması üçün o, internetin imkanlarından istifadə edir və müəllifi olduğu "RosPil" saytını qurur. Bundan sonra səhmdarı olduğu şirkətlərdən aldığı rəsmi sənədlər əsasında korrupsiya faktlarını aşkarlamağa çalışır.

Aleksey Navalnı "Qazprom" və "Rosneft" də daxil olmaqla Rusiyanın 30 böyük dövlət şirkətinin səhmdarıdır. Məhz bu amil ona nəhəng dövlət şirkətləri üzərindən həyata keçirilən korrupsiya faktlarını üzə çıxarmağa imkan verir. Hələ 2010-cu ilin oktyabrında "Şərqi Sibir-Sakit Okean" neft kəmərinin çəkilməsi zamanı 4 milyard dollar büdcə vəsaitinin "Transneft" Dövlət Şirkəti vasitəsi ilə mənimsənilməsi faktını üzə çaxaran Navalnı həm Rusiyada, həm də Qərbdə diqqət çəkməyə başladı. Bu kəmərin çəkilməsi həvalə olunan podratçı şirkətin tender elan olunmazdan cəmi bir ay əvvəl yaradılması və hesabında cəmi bir neçə dollar olması prosesin hansı mahiyyət daşımasına aydınlıq gətirirdi. Digər tərəfdən, kəmərin hər kilometrinin dünyadakı analoqlarından ən azı 4 dəfə baha olması da bu layihənin əslində bir korrupsiya layihəsi olduğunu göstərirdi. Kəmər istifadəyə verildikdən sonra tez-tez təmirə dayanmaq məcburiyyətində qalmağa başladı. Çünki neftin sızaraq ətraf mühitə böyük zərər vurması üzə çıxdı. Bu isə layihənin bir korrupsiya layihəsi olması haqqında Navalnının iddialarını təsdiqlədi. Bundan başqa, "Qazprom"un maliyyələşdirdiyi müxtəlif təyinatlı layihələrin smetasının şişirdilməsi və milyardlarla vəsaitin büdcədən yayındırılması, nəhəng büdcə vəsaitlərinin böyük dövlət şirkətləri üzərindən maliyyə əməliyyatları vasitəsi ilə mənimsənilməsi, dövlət satınalmaları zamanı nəhəng maliyyə fırıldaqları ilə bağlı konkret faktları sənəd və sübutlarla ictimaiyyətə açıqlayan Navalnı cəmiyyəti şoka saldı. Məhz bu faktlar Putinin 10 illik hakimiyyəti ərzində süst kütləyə çevrilmiş rus xalqını silkələdi. 
Bloqqer - Navalnı
Foto: navalny.ru

Qısa zamanda "RosPil" saytının istifadəçilərinin sayı sürətlə artmağa başladı. Artıq "RosPil"dən istifadə edənlərin sayı yarım milyona çatıb. Ancaq saytla bağlı ən maraqlı məqam ondan ibarətdir ki, "RosPil" vətəndaşların könüllü ianələri hesabına maliyyələşdirilir. Son məlumatlara görə, 200 min avrodan artıq pul saytın hesabına köçürülüb. Putin iqtidarının yuxusunu qaçıran amil də məhz budur. 

Navalnı Putinin bir zamanlar həmtəsisçisi olduğu "Ozero" kooperativinin yaradılmasında onunla birgə olmuş şəxslərin bu gün Rusiya hökumətində və biznesdə yüksək məqamlar tutmasını, bu şəxslər vasitəsi ilə 10 milyardlarla vəsaitin mənimsənildiyini də üzə çaxarmaqla, Rusiyada nələrin baş verdiyinə tam çılpaqlığı aydınlıq gətirmiş oldu. 

Putini həbs etdirmək istəyən hüquqşünas

İxtisasca hüquqşünas olan və uğurlu karyera qazanmış Navalnı həm Rusiya cəmiyyətini, həm də onun fəaliyyətini izləyənləri təccübləndirməkdə davam edir. Navalnı Rusiya müxalifətinin stajlı liderlərindən fərqli olaraq, uzun illər ərzində heç kimin eşitmədiyi fikirləri dilə gətirməkdən də çəkinmir. O, açıq şəkildə bəyan edir ki, Putini və onun ətrafını həbsxanaya saldırmaq istəyir. Bu istəyini isə belə izah edir: "Mən bu adamlara, konkret olaraq Vladimir Putinə nifrət edirəm. Bu nifrət mənim fəaliyyətimin mənbəyidir". Putin isə sosial şəbəkələr vasitəsi ilə onun hakimiyyətinin əsaslarını sarsıdanları "sosial şəbəkə siçanları" adlandırıb. Navalnı onun bu fikirinə belə cavab verib: "Bəli, mən şəbəkə siçanıyam və bu heyvanların boğazını gəmirəcəyəm".

Putinin lideri olduğu "Vahid Rusiya" Partiyasını da məhz Navalnı, ilk dəfə olaraq oğruların və fırıldaqçıların partiyası adlandırıb. Sonradan bu ayama dillər əzbərinə çevrilib. Etiraf etmək lazımdır ki, Rusiya cəmiyyəti uzun illər belə açıq mövqe görməyib. Məhz bu mövqe onun sürətlə önə çıxmasına imkan yaradıb. Doğrudur, həm Rusiyada, həm də Qərbdə Navalnının Putinə rəqib ola biləcəyinə şübhə edənlər də az deyil. Bir çoxları bunu Putinin dövlət aparatı və nəhəng maliyyə qaynaqları üzərində məhdudsuz hakimiyyəti ilə izah edirlər. Bəziləri isə bu fikirdədir ki, Rusiya cəmiyyəti hələ kifayət qədər inkişaf etməyib və hansısa blogerin Putinə rəqib olmasına şərait yoxdur. Amma deyəsən, bu fikirlər Navalnını çox da narahat etmir. 

Parlament seçkilərinin saxtalaşdırılmasına etiraz edənlərlə birgə etiraz aksiyasına çıxan və dekabrın 5-də həbs edilən Navalnı 15 günlük həbs cəzası aldı. Həbsxanadan çıxanda isə məlum oldu ki, o, artıq güclü siyasi qüvvəyə çevrilib. "Yabloko" Partiyasının əyalət təşkilatlarından bir neçəsinin onu partiyalarından prezidentliyə namizəd görmək istədiklərini açıqlamaları da bunun sübutu idi. Navalnı isə Rusiyada baş verən dəyişiklikləri belə qiymətlədirir: "Mən həbsxanadan çıxdıqdan sonra gördüyüm ölkə həbs olunmazdan əvvəl yaşadığım ölkə deyil. Rusiya dəyişib". 

"İdarə olunan demokratiya" erası bitir


Navalnının Rusiyanın dəyişməsi haqqında fikirləri ilə razılaşmamaq mümkün deyil. Əgər bu gün Moskvanın və bütün Rusiyanın patriarxı Kirill kimi nüfuzlu, böyük təsirə malik şəxs də etiraz aksiyalarını dəstəkləyib, aksiyaları qanuni sayırsa, bu o deməkdir ki, həqiqətən də Rusiya artıq dəyişib. Məsələ ondan ibarətdir ki, Rusiya Pravoslav kilsəsi uzun müddət Putinin və onun lideri olduğu "Vahid Rusiya" Partiyasının etibarlı müttəfiqi və hətta müdafiəçisi qismində çıxış edib. İndi bu kilsə rəhbərinin etiraz aksiyalarını yaranmış vəziyyətə verilən qanuni reaksiya sayması Rusiyada yeni şəraitin yaranmasından xəbər verir. Rusiya Pravoslav kilsəsinin patriarxı Kirillin mövqe dəyişikliyinə Rusiyanı bürümüş etiraz aksiyaları ilə yanaşı, din xadimləri arasında iqtidarın əleyhinə çıxanların sayının artması da təsir göstərib. Aleksey Uminski və Andrey Zuevski kimi keşişlər Putin hakimiyyətini sərt tənqid edir və onların ictimaiyyət arasındakı nüfuzları patriarxın nüfuzundan heç də az deyil. Görünür, patriarx Kirill Putinin əleyhinə olan din xadimlərinin onun özünün də əleyhinə çıxacağından ehtiyatlanır. Bütün bunlar isə belə düşünməyə əsas verir ki, Rusiyada "idarə olunan" və yaxud da "suveren" demokratiya adlandırılan avtoritar idarəçilik dövrü bitmək üzrədir və son mərhələsinə qədəm qoyub. Ancaq Putin hakimiyyətində deyəsən, heç də hamı Rusiyanın dəyişdiyini başa düşməyib və yaxud da bununla barışmaq niyyətində deyil. Baş prokuror Yuri Çayka və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev biri-birinin ardınca sosial şəbəkələrin zərərli olması, Rusiyadakı vəziyyətə kənardan təsir edilməyə cəhd göstərilməsi haqqında bəyanatlar veriblər. Bundan başqa, Aleksey Navalnının Londonda mühacir həyatı yaşayan oliqarx Boris Berizovski ilə bir yerdə çəkilmiş şəkilinin kompromat kimi istifadə edilməyə cəhd göstərilməsi də Putin iqtidarının Rusiyadakı dəyişikliklərlə barışmaq niyyətində olmadığını göstərir. Ancaq bu, Putini həbsxanaya saldırmaq istəyənləri ruhdan salmır və onlar fevralın 4-nə təyin olunmuş etiraz aksiyasına ciddi hazırlaşırlar. A.Navalnı isə fevralın 4-də meydanlara bir milyon adam çıxaracaqlarını və milyonların yürüşünü təşkil edəcəklərini bəyan edib. İndi bütün diqqətlər fevralın 4-nə yönəlib. Bu tarix yalnız Rusiyada deyil, bütün postsovet məkanında yeni dövrün başlanğıcı ola bilər.