Thursday, March 8, 2012

Xədicə İsmayılova ilə bağlı bəyanat

Xədicə İsmayılova


Martın 7-də araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub göndərilib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Ona özünü yığışdırmasa, rüsvay olacağını yazıblar.


Xədicə İsmayılova indiyə qədər prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırıb, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarıb, hakim ailənin üzvlərinin ofşor bizneslərinin gizlinləri açıb. Jurnalistin bildirdiyinə görə, hazırda da ciddi araşdırma mövzuları üzərində işləyir. Birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara sorğular göndərib.  
Bu günə qədər hakimiyyətə yaxın KİV-lərdə jurnalistlə bağlı şantaj və böhtan xarakterli məqalələr, xəbərlər yayılıb.

Biz, Azad Gənclik Təşkilatı olaraq Xədicə İsmayılovaya edilən təzyiqləri pisləyir, jurnalistin həyatına olacaq təhlükənin məsuliyyətini hakimiyyətin daşıyacağını və insanların şəxsi həyatının toxunulmaz olduğunu bildiririk.

Hazırda Azərbaycan dünyada azad mətbuat olmayan ölkələr sırasındadır və biz Azərbaycan hakimiyyətini müstəqil mətbuatın fəaliyyətinə mane olmamağa çağırırıq.